Allah qorxusundakı əksikliyin səbəbi

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” (Yunis surəsi, 31)

Allahın yuxarıdakı ayəsində açıq şəkildə ifadə etdiyi kimi, səthi bir inanca sahib olan insanlar, özlərindən soruşulduğunda Allaha inandıqlarını söylədikləri halda qəlblərində səmimi bir Allah qorxusu daşımazlar. Bunun ən gözlə görünən dəlili isə, Allahdan qorxan bir insanın Ondan çəkinməsi və hər rəftarının Quran əxlaqına uyğun olması lazım olarkən, bu insanların nə hal və rəftarlarında, nə də danışıqlarında Allahdan qorxduqlarına, ya da çəkindiklərinə dair bir əlamət görünməməsidir. Bu vəziyyətlərinin arxasında müəyyən əsaslı səbəblər vardır.

 

Allahı gərəyi kimi təqdir edə bilməmələri

Cəmiyyətin daxilində eşitmə ilə formalaşan bir din anlayışı geniş yayılmışdır. Buna görə bir çox insan Allahı, dinin həqiqi qaynağında, yəni Quranda və Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində bildirilən sifətləriylə, xüsusiyyətləriylə tanımaz. Bu səbəbdən, Onu gərəyi kimi də təqdir edə bilməz. Halbuki, Allah bizə Özünü, Quranda ən doğru və açıq bir şəkildə tanıtmışdır.
Bir çox insanın Allah haqqında bildikləri ailələrindən, qohumlarından ya da sağdan-soldan eşitdiklərindən ibarətdir. Bunun bir nəticəsi olaraq da hər kəsin Allah haqqındakı düşüncəsi fərqlidir. İşin maraqlı tərəfi, insanların böyük bir qismi, o günə qədər ətraflarından eşitdikləri və öyrəndiklərinin səhv və ya əskik ola biləcəyinə ehtimal verməmələridir. Versələr də doğrunu araşdırmağı və öyrənməyi əhəmiyyətli görməzlər. Bu isə onları cəhənnəmlə nəticələnə biləcək böyük bir səhvə sürüyə bilər. Çünki Allahı tanımamaq, özü Onun bir çox sifətinin nəticəsindən də xəbərsiz olmağı gətirər.
Bu cür insanlar Allahı ümumiyyətlə, bağışlayan, kömək edən, ruzi verən, bəxş edən, nemət verən, qoruyan, mərhəmətli olan kimi sifətləriylə düşünüb özlərini rahatladırlar. Halbuki, Allahın intiqam alan, əzab verən, cəzası şiddətli olan, hər şeyə Qalib olan sifətləri vardır. Ancaq bəhsi keçən kəslər Allahın bu sifətlərinin əhatəsini bilməz; Rəbbimizi bu sifətləriylə düşünə bilməzlər. Bu sifətlərin öz hərəkət, davranış və danışıqlarına baxacaq olan istiqamətlərini ağıllarına gətirməzlər. Allahın bəzi sifətlərini adla bilsələr belə, tam olaraq nə mənanı verdiklərini, bu sifətlərin öz sonsuz həyatlarına necə əks edib, təsir edəcəklərindən xəbərsizdirlər. Ya da Allahın bir çox sifətini tək istiqamətli düşünüb, bu sifətlərin özlərini də əhatə edəcəyini düşünməzlər. Məsələn, özlərinə bir haqsızlıq edildiyində Allahın sonsuz ədalətiylə axirətdə bu haqsızlığın cəzasını verəcəyini düşünürlər. Lakin Allahın ayələrinə lazımı qədər inanıb yerinə yetirməzlərsə, özlərinin də Allahın əzabı ilə qarşılıq görəcəklərini düşünməzlər.
İnsan Allaha qul olsun deyə yaradılmışdır, amma bu yaradılış məqsədini rədd edərsə, mütləq qarşılığını görər. Məhz belə böyük bir günaha da böyük bir cəza lazımdır ki, cəhənnəm bu ədaləti yerinə yetirmək üçün mövcuddur. Yaradılmış ən pis məkan olan cəhənnəm, insanın xəyal gücünün təsəvvür edə bilməyəcəyi ən böyük əzab qaynağıdır. Dünyada mümkün olan ən böyük ağrılardan qat-qat şiddətli ağrıları ehtiva edir.
Bəhs etdiyimiz tip insanlar, vicdanlarına uymamalarından qaynaqlanan qəflət və şüursuzluqları səbəbiylə, Allahdan qorxub çəkinməzlər. Onun gücünü və qüdrətini, heybət və əzəmətini gərəyi kimi qəbul edə bilməz, Onun hüzurunda durmaqdan və böyüklüyündən, Onun qəzəbinə məruz qalmaqdan içləri titrəyərək qorxmazlar. Bu səbəbdən, Allahın razılığını qazanmağa və Onun əmrlərini əllərindən gəldiyi qədər yerinə yetirməyə cəhd etməzlər. Onun qadağalarına əməl etməz, sərhədsiz bir həyat sürərlər. Onun verdiyi nemətlər qarşısında lazım olan hörmət və şükrü yerinə yetirməz, Allaha qarşı davamlı bir nankorluq içində olarlar. Nəticədə isə bu dünyada qorxusuzca keçirdikləri həyatlarının əvəzini, qorxu və əzab içində keçirəcəkləri sonsuz həyatlarıyla ödəyərlər.

İnkarçıların səhv axirət inancı

Cahiliyyə cəmiyyətindəki bir çox insan, Allahı gərəyi kimi tanıyıb təqdir edə bilmədiyi kimi, cənnət və cəhənnəm haqqında da bir çox əskik məlumata və batil inanca malikdir. Bu kəslərin bir qismi dünya həyatından istədikləri qədər faydalanıb, Allaha üsyan edib, bunun qarşılığında da cəhənnəmdə qısa bir müddət qalacaqlarını, daha sonra bağışlanacaqlarını zənn edərlər. Amma özlərini gözləyən son, təxmin etdiklərindən çox daha acınacaqlıdır. Çünki cəhənnəm özlərinə verilən öyüdü dinləməyən azğın inkarçılar üçün sonsuza qədər sürəcək bir əzab məkanıdır. Allah cəhənnəmin inkarçılar üçün yaradıldığını və inkarda müqavimət göstərən şəxslər üçün geriyə heç bir dönüş olmadığını belə vurğulayır:

Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir. O, həddi aşanların qayıdacağı yerdir. Onlar orada əsrlər boyu qalacaqlar. (Nəbə surəsi, 21-23)

Daha sonra, cəhənnəm, insanın xəyal gücünün təsəvvür edə bilməyəcəyi qədər böyük əzablar yaşadan bir yerdir. Şüurlu heç bir insanın cəhənnəm əzabı kimi bir əzabı gözə ala bilməsi mümkün deyil. Cəhənnəm, Allahın Qəhhar (qəhr edən) sifətinin ən şiddətli təcəlli etdiyi və dünyadakı heç bir əzabla müqayisə edilə bilməyəcək əzablarla dolu qorxunc bir mühitdir. Bir damla qaynar suya, bir az aclığa, soyuğa dözə bilməyən aciz insanın, fərah və etinasız bir şəkildə belə bir əzabı gözə aldığını söyləməsi, ancaq şüurunun tam bağlı olduğunun bir göstəricisi ola bilər. Ozünə görə Allahın əzabını yüngül sayan, rahatlıqla qarşılayan bir kimsə, başdan bəri bəhs etdiyimiz Allahın qədrini gərəyi kimi təqdir edə bilməyən kimsədir.

 

Dünyada özlərinə ayrılan zamana aldanmaları

Allah dünyadakı imtahan mühitinin bir gərəyi olaraq insanlara müddət verər. Etdikləri səhvləri düzəltmək üçün onlara xəbərdarlıqlar göndərər və müxtəlif fürsətlər verər. Məhz cahil cəmiyyətin insanlarının Allahdan gərəyi kimi qorxmamalarının altında yatan bir başqa səbəb də budur; etdiklərinin qarşılığını o an görməmələri... Çünki ümumiyyətlə, insanlar qarşılığını dərhal sonra alacaqları mövzularda son dərəcə həssasdırlar. Belə bir misal üzərində düşünək:
Böyük bir şirkətdə yaxşı bir maaşla işləyən bir adama əhəmiyyətli bir məsuliyyət verilsə və bu məsuliyyəti müvəffəqiyyətli şəkildə yerinə yetirmədiyi təqdirdə şirkətdəki işinə son veriləcək olsa, görəsən, bu adam necə bir səy və diqqət göstərər? Nəticəsində məruz qalacağı itkini bildiyi halda bu işdə hər hansı bir zəiflik, ya da əksiklik göstərə bilərmi? Əlbəttə ki, xeyr. Bu itkini əsla gözə almaq istəməyəcək. Bunun üçün əlindən gələn hər şeyi edəcək, hətta lazım olduqda öz rahatlığından, yuxusundan, digər işlərindən imtina edəcək, amma o işin öhdəsindən gələcək. Çünki bu insan özünü çətinliyə salacaq bir sondan qorxar. Yaxşı, amma eyni insanlar görəsən bunların hamısından daha həqiqi olan Allaha hesab vermələri mövzusunda eyni qorxunu yaşayarlarmı? Böyük əksəriyyəti yaşamaz. Çünki bu insanlar ölümü və axirəti o qədər yaxın görməzlər, onlara görə içində yaşadıqları həyat daha realdır.
Halbuki, bir ayədə insanlara müəyyən bir müddət ayrıldığı belə açıqlanır:

Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir surəsi, 45)

Bu insanlar Allahın razı olmayacağı bir şey etdiklərində, o anda "başlarına daş yağması" kimi bir əzab gəlməsini gözləyər, sonra da cahilcəsinə "necə olsa bir şey olmur" məntiqi ilə azğınlıqlarına davam edərlər. Bu azğın məntiqə hər dövrdə yaşayan cahil cəmiyyətin insanlarında rast gəlinər və Allah onların bu cahil düşüncələrini bizə belə xəbər verir:

...  və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir (Mücadilə surəsi, 8)

İman etməyən, ya da səthi inancı olan bir çox insan bu azğın dünyagörüşünə malikdir. Halbuki, etdiklərinin qarşılıqsız qalacağını və bundan ötəri də özlərinin guya son dərəcə oyanıq olduqlarını düşünən bu insanlar, əslində bu əzaba bilmədikləri bir tərəfdən yavaş-yavaş sürüklənirlər:

Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb məhvə aparacağıq.. (Əraf surəsi, 182)

Allahın ayələrdə bəhs etdiyi, açıq şəkildə görünə bilən əzablar ola biləcəyi kimi gizli əzablar da hər an insanı əhatə edə bilər. Belə ki, bu əzab insanı daha dünyadaykən də əhatə edə bilər. Məsələn, adam Allahın razı olmadığı bir rəftarı və ya əxlaqı davam etdirərkən, amansız bir xəstəliyə düçar ola bilər. Mütləq fiziki olması da lazım deyil, Allahın insanın ürəyinə verəcəyi bir qorxu, çətinlik belə o adama olduğu mühiti dar etməyə yetər. Allah qorxunun bir cəza növü olduğunu Quranda belə bildirir:

... Beləcə Allah etdiklərinə qarşılıq olaraq, ona aclıq və qorxu libasına bürüdü. (Nəhl surəsi, 112)

Heç bir insan, Allahın məmnun olmadığı bir hərəkəti davam etdirdiyi halda, üzərində özünə qəflətən üz verəcək bir bəla dolaşmadığından əmin ola bilməz; Allahın heç bir əzabından təhlükəsizlikdə ola bilməz. Allah bu həqiqəti ayəsində xəbər vermişdir:

Məgər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular? Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular? Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər. (Əraf surəsi, 97-99)

Eyni xəbərdarlıq başqa ayələrdə belə keçər:

Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə dənizdə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz. (İsra surəsi, 68-69)

Unutmamaq lazımdır ki, insan acizlik içində olan, Allaha sonsuz dərəcədə möhtac bir varlıqdır. İmtahan mühiti içində bütün çətinlik və sıxıntıları ancaq Allaha sığınaraq və Ondan güc alaraq üstələyə bilər. Amma acizliyini qəbul etməyən və Allahdan qorxmayanlar, gizli-açıq bütün bu əzab və bəlalarla qarşılaşmaq vəziyyətindədirlər ki, insan yaradılış olaraq buna dözə biləcək gücdə deyil. Buna görə istər dünyadakı, istərsə də axirətdəki bəla və əzablardan xilas olmağın tək yolu Allahdan mümkün olduğu qədər qorxmaq və bu şüurlu rəftar üzrə bir həyat sürməkdir.

Əzab görənlərin yalnız çox azğın insanlar olduğunu zənn edərlər
İnsanların bir çoxu ölümlərindən sonra Allahın, özlərini yaşadıqları həyatdan hesaba çəkəcəyinə və bu hesabın nəticəsində cənnətə, ya da cəhənnəmə göndəriləcəklərindən xəbərdar olduqları halda axirətləri üçün bir hazırlıq görməzlər. Necə ki, bu insanların, axirətin varlığına inandıqlarını iddia etdikləri halda, iman etməyənlərdən çox da fərqli bir həyata sahib olmadıqları və bundan da heç bir narahatlıq hiss etmədikləri görünür. İki tərəfin də həyat tərzləri, rəftar və davranışları, ehtirasları, reaksiyaları hardasa bir-birinin eynisidir. Aradakı tək fərq birinin müsəlman olduğunu iddia etməsi, digərinin isə belə bir iddiasının olmamasıdır.
Həm Qurana inandığını iddia edən, həm də iman etdiyi kitabın hökmlərinə uymayan bu insanların rahatlıqlarının səbəbi, ürəklərinin təmiz olduğu, onsuz da heç bir pislik olmadıqları iddiasında olmalarıdır. Bu səbəbdən, bunun təməlində yatan inanc da, özlərinin cəhənnəmə gedə biləcəklərinə əsla ehtimal verməmələri, başqa bir sözlə desək cənnətə gedəcəklərini qəti olaraq görmələridir.
Bu inancın bir xüsusiyyəti də, cəhənnəmə gedəcək olan insan modelini öz məntiqlərinə görə təyin etmələri və digər insanları da cənnət əhli elan etmələridir.
Onlara görə cəhənnəmlik olan insanlar, əksəriyyətlə televiziyada seyr etdiyi və qəzetlərdə oxuduqları qatillər, oğrular, terroristlər və insanlara zərər verməyə çalışan kəslərdir. Bunun xaricində qalanlar isə dərhal hər günahlarının əfv olunacağını sandıqları, xalqın arasında çoxluq təşkil edən sıravi insanlardır. Öz aralarında təyin edilən bu ölçülər, adam öldürmədiklərinə, oğurluq etmədiklərinə və terrorist olmadıqlarına görə, özlərinin cənnət xalqından olduqları zənnini doğurar. Məhz özlərini müsəlman qəbul etdikləri halda hər cür günahı işləyə bilmələrinin, ibadət etməmələrinin, Quranı yaşamamaqlarının və Allahın sərhədlərindən uzaq bir həyat sürə bilmələrinin və bundan da heç bir qorxu və narahatlıq duymamalarının altında yatan səbəb budur; bunların heç birinin cəhənnəmə getmək üçün bir səbəb təşkil etmədiyi zənninə qapılmaları... Halbuki, bu özlərini atəş çuxuruna sürüyən qorxunc bir yanılmadır.
İçlərində Allah qorxusu daşımayan cahiliyyə insanlarının müsəlmanlıq adına törətdikləri qaydalar, Quranın hökmlərindən və Peyğəmbərimiz (s.ə.v)-in bildirdiklərindən çox fərqlidir. Məsələn, Qurana görə çox əhəmiyyətli olan və Allahın riayət olunmasını qəti əmr etdiyi bir mövzu, öz səthi məntiqlərinə görə o qədər də çox əhəmiyyəti olmayan, üzərində dayanılmayacaq bir mövzu olaraq qiymətləndirilər. Beləcə, öz uydurduqları dinin ölçüləri özlərinə, Allah qorxusundan tamamilə uzaq batil bir həyat modeli təqdim edir. Allah bir ayəsində bu insanların səhv məntiqinə belə diqqət çəkmişdir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” (Yunis surəsi, 31)

Bütün ömrü boyunca öz bildiyi batil dini tətbiq edib və beləcə həqiqi dinin heç bir hökmünü yerinə yetirməyən, üstəlik də bu şəkildə cənnətə girəcəklərini iddia edən bu cür kəslər böyük bir aldanış içində həyatlarını qorxub çəkinməyərək keçirərlər. Lakin hər nə qədər özlərini aldatsalar da vicdanları hər fürsətdə özlərinə həqiqəti xatırladır. Quranın həqiqətləriylə qarşılaşıb böyük bir ömrü günahlarla və səhvlərlə keçirdiklərini öyrənmək istəmədikləri üçün özlərinə həqiqi dini izah edən kəsləri də qətiliklə dinləmək istəməzlər. Bu mövzu üzərində düşünməmək üçün şüurlu olaraq başqa mövzularla diqqətlərini dağıdarlar. Başqa bir sözlə, qorxularına səbəb olacaq bir mövzu keçdiyində, ya da ağıllarına bir düşüncə gəldiyində bunu dərhal ört-basdır edərək köhnə rahatlıqlarına, qəflətlərindən geri dönmək istəyərlər. Allahı, Onun təhdidini, Onun əzabını ağıllarına gətirməkdən, digər bir sözlə Allah qorxusundan davamlı qaçarlar. Halbuki bu çox böyük bir ağılsızlıqdır. Çünki bu qaçış onları özlərini gözləyən qorxunc sondan qurtara bilməyəcək.

 

"Allah necə olsa bağışlayar" şəklindəki batil düşüncələri

Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!” – deyirdilər. (Əraf surəsi, 169)

Ayədə də diqqət çəkildiyi kimi, insanların bir qismi Allahın istəklərinə uyğun bir həyat yaşamamalarına baxmayaraq, yenə də Allahın özlərini bağışlayacağı düşüncəsindədirlər. Şübhəsiz ki, bunun ən əsas səbəbi Allahın sifətlərini, ədalətini təqdir edə bilməmələri və hadisələri Quran məntiqindən uzaq bir şəkildə dəyərləndirmələridir. Əlbəttə ki, Allah əfv edicidir və qullarının günahlarını bağışlayandır. Lakin bunun şərtinin nə olduğunu Allah Quranda belə bildirmişdir:

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)
Ancaq Allah qorxusundan uzaq olan insanlar gizli - açıq davamlı xəbərdar edilmələrinə, haqqı bilmələrinə baxmayaraq "necə olsa Allah bağışlayar" kimi yanlış bir məntiqlə günah işləməyə davam edərlər. Halbuki bu, şeytanın insanları aldatmağa çalışdığı mövzulardan biridir. Şeytan belə bir yalan ilə insanları hər cür günaha və saxtakarlığa ard-arda sürüyər.

Həmçinin, Allah bir başqa ayədə, "Şübhəsiz, onlar Rəbbinin əzabından əmin ola bilməz" (Məaric surəsi, 28) ifadəsiylə insanlardan heç kimin belə bir zəmanətinin olmadığını açıqca ifadə etmişdir.

 

Özlərini cənnətə layiq görmələri

Şübhəsiz, Qurandan uzaq yanlış bir din anlayışının doğurduğu axirət inancı da yanlış olacaq. Necə ki, cahil cəmiyyətin insanlarının böyük bir hissəsinin ortaq xüsusiyyəti özlərini cənnət əhli olaraq görmələridir. Bir çoxunun öldükdən sonra, etdiklərindən sorğuya çəkiləcəyinə bir qənaəti yoxdur. Özlərinə görə belə bir ehtimal olsa belə, yenə də yaxşı bir nəticə ilə qarşılaşacaqlarını düşünər və beləcə özlərini aldadıb rahatladarlar.
Allah, bu cür özündən əminliyə Quranda bir bağ sahibindən nümunə verərək diqqət çəkmişdir. Ayələrdə bildirildiyi kimi, Allahdan qorxmayan bağ sahibi mal-dövlətinin zəngin olmasından qaynaqlanan, özündən son dərəcə əmin bir ərköyünlük içindədir. Bağçasının məhsuldar olması və görünüşünün gözəlliyi onun özünə olan güvəninin təməl dayağıdır.
Bağlarının gözəlliyini və bərəkətini gördüyündə güclü olmaq üçün Allaha ehtiyacı olmadığı kimi son dərəcə cahilcə bir zənnə qapılmış və belə demişdir:

O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!”  (Kəhf surəsi, 35-36)
Məhz bu bağ sahibi, əslində, axirəti və hesab gününü ağıllarından çıxararaq hər cür azğınlığı və sərhəd tanımamazlığı olan, daha sonra da sonsuza qədər yox olma, ya da cəhənnəmə gedib əzabla qarşılaşma düşüncəsinin dəhşəti qarşısında, necə olsa cənnətə gedəcəyi ovuntusu ilə özünü aldadan dövrümüzdəki insanlara da bir nümunədir. Mənfəətinin olmadığı yerdə qiyamət saatını inkar edən, lazım olduqda da öz ağlına görə cənnətlik olduğunu düşünən bu şüursuz zehniyyətə sahib olanların əlbəttə ki, içlərində Allah qorxusu yoxdur.

 

Allahı sevdiyini söyləməyi kafi görmələri

Bəzi insanların Allahdan çəkinməmələrinin və gərəyi kimi qorxmamalarının altında yatan bir başqa səbəb də, Allahı sevdiklərini söyləmələri, lakin bu mövzuda səmimi davranmamalarıdır. Çünki həqiqi sevgi özü hörməti və Allahın bəyənmədiyi şeylərdən çəkinməyi də vadar edər. Lakin maraqlı olan, bu insanların həyatlarına və hərəkət tərzlərinə baxıldığında buna dair heç bir əlamətin görünməməsidir. Çünki səmimi olaraq Allahı sevən bir insan hər şeydən əvvəl Onun sərhədlərində son dərəcə dəqiqlik göstərəcək, Onun sevib bəyəndiyi şeyləri sevəcək, bəyənmədiyi, qınadığı, çəkindirdiyi şeylərdən şiddətlə çəkinəcəkdir. Bu sevgisini, ölənə qədər həyatının bütün ayrıntılarında Onun razılığını axtararaq, Ona olan dərin hörməti, etibarı, boyun əyiciliyi və sədaqəti ilə göstərəcək. Yoxsa bunun xaricində yalnız şifahi olaraq sevgi iddiasında olmaq, ancaq Allahın sərhədlərini aşaraq etinasız bir həyat sürmək, şübhəsiz səmimiyyətdən son dərəcə uzaq bir davranış olacaq. Və əlbəttə ki, bu səmimiyyətsizlik qarşılıqsız qalmayacaq, çox böyük bir hüsrana uğrayacaq.
Bu xüsus çox əhəmiyyətlidir: Allahın hökmləri son dərəcə açıqkən və cəhənnəmin varlığı qəti bir həqiqətkən, bir insanın yalnız şifahi bir sevgi ifadəsini kafi görməsi, özünü öz ağlına görə təmizə çıxarıb, vicdanını rahatlaşdırmaqdan başqa bir məqsəd daşımaz. Bu isə Quran məntiqi və ruhuyla tamamilə zidd bir davranışdır.
Səmimi müsəlmanlar Allahdan qorxarlar və Rəbbimizin hökmlərini dəqiqliklə yerinə yetirməyə çalışarlar. Bunun ən gözəl nümunələrindən biri də Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış olan müsəlman qadınlardır. O dövrdə mömin qadınlar Uca Allahın hicab mövzusundakı əmrini böyük bir şövq və istəklə qarşılamışlar, dərhal itaət etmişdilər. Hicabla əlaqədar ayələrin endiyi dövrdə müsəlman qadınların gözəl rəftarlarıyla əlaqədar olaraq hz. Aişə (rədiyallahu ənh) –dən bunlar rəvayət edilmişdir:
"Baş örtüklərini yaxalarının üstünə qoysunlar" ayəsini nazil edilincə harmaniyələrini (bütün vücudu örtən üst geyim) cıraraq onunla örtünmüşdürlər. "(İbn-i Kesir, Hadislerle Kuran-ı Kerim Tefsiri, cild:11, səh. 5880)

Necə ki, onlardan sonra gələn müsəlmanlar da eyni şövq və qətiyyətlə bu əmri yerinə yetirmişlər.

 

Cahiliyyə qorxusu ilə qorxmaları

Allah, insanın hər cür halını, qüsurlarını, ağlından keçənləri, dualarını bilir. O halda vacib olan əxlaq Allaha səmimiyyətlə üz tutub Onu dost seçməkdir. Allaha qarşı duyulması lazım olan səmimi qorxu, insanı təslimiyyətli və gözəl əxlaqlı hala gətirərək onu Allahın sevgisini qazanmağa, Allaha yaxınlaşmağa təşviq edər.
Cahil cəmiyyətin insanlarının qorxuları isə daha fərqlidir. Onların duyduqları qorxular keçicidir. Bir çətinliklə qarşılaşdıqları zaman Qəhhar olan Allahın əzabını xatırlayar, onunla qarşılaşmaqdan qorxarlar. Amma Allah bir sınaq olaraq onları qurtardığında təkrar köhnə inkarlarına geri dönərlər. Quranda bu mövzuyla əlaqədar belə bir nümunə verilmişdir:

Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. Allah onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (Yunis surəsi, 22-23)

Göründüyü kimi, cahil cəmiyyətin insanlarının qorxuları onlara bir fayda verməz. İman edənlərin əksinə, qarşılaşdıqları hadisələrdən öyüd-nəsihət alıb düşünməzlər. Necə ki, Allah ancaq "içi titrəyərək qorxan" ların öyüd-nəsihət ala biləcəklərini Quranda belə bildirmişdir:

Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaq ardına vurarlar. (Ala surəsi, 10-11)

Məhz cahil insanlar yuxarıdakı ayələrdə bildirilən ikinci qrupdandır. Yəni Allaha qarşı dərin və səmimi bir qorxu hiss etmədikləri üçün qarşılaşdıqları hadisələr onları doğruya çatdırmaz. Allah Quranda bu insanların mövqeyini daha bir çox ayəsiylə xəbər vermişdir. Bu ayələrdən bəziləri belədir:

De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!” – deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar! (Muminun surəsi, 84-90)

Kitablar

Veb saytlar

Sənədli filmlər

Design Studio 313