Allah Quranda Ondan qorxmağı əmr edir

Hər şeydən əvvəl yaxşı bilinməlidir ki, Allah qorxusu bəzi cahil insanların sandıqları kimi, yalnız peyğəmbərlərə, ya da övliyalara xas xüsusi bir üstünlük deyil, bütün iman edənlərin ürəklərində daşıdıqları və digər bütün insanların da daşımaları lazım olan bir duyğudur. Çünki Allah Quranda Özündən qorxmağını əmr etmişdir:

Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allahdan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)

Allah qorxusu bəzi kəslərin düşündüyü kimi bir qorxu da deyil. Allah qorxusu, Allahı çox sevən, Ona könüldən təslim olmuş, Allahdan başqa dost və vəkil qəbul etməyən möminlərin, Allahın razı olmayacağı bir rəftar göstərməkdən, Allahın məmnun olmayacağı bir əxlaq üzərində olmaqdan şiddətlə çəkinməsi, var gücü ilə Allahın rəhmətini və razılığını istəməsi və bunun üçün cəhd göstərməsidir. Bütün insanları Allah yaratmışdır və onları özlərini bilib tanıdıqlarından daha yaxşı bilib tanıyır. Hər kəsin ürəklərində gizli olanı, gizlinin də gizlisini bilir. Nəfsinin insana nə cür vəsvəsələr verdiyindən, nə cür oyunlar oynayacağından da çox yaxşı xəbərdardır. Çünki nəfsi yaradan, ona imtahan üçün sərhəd tanımaz pislikləri və bundan çəkinməyi ilham edən Allahdır. Şeytanı da imtahan mühitinin bir parçası olaraq yaratmış və ona bu məqsəd istiqamətində bəzi xüsusiyyətlər vermişdir.
Allah qorxusu isə bu imtahan mühitində möminin ən böyük dayağı olacaq. Çünki Allah qorxusu adamı hər an Allahın istədiyi kimi davranmağa, Onu razı salmağa çalışmaya, şeytanın və nəfsinin istəklərindən çəkinməyə, onların hiylə və oyunlarına qarşı oyanıq və tədbirli olmağa sövq edəcək. Bu da, insana öz sərhəd tanımaz istəklərinə əməl etməyə çalışan nəfsin və şeytanın heç xoşuna gəlməyən bir vəziyyətdir.
Bu səbəblə, şeytan və nəfsi, insanı ən başda Allah qorxusundan uzaqlaşdırmağa çalışar. Allahdan qorxmağın gərəksiz, hətta səhv olduğu, əsl əhəmiyyətli olanın Allah sevgisi və ürək təmizliyi olduğu kimi batil təlqinlərlə onun Allahdan qorxub çəkinməsini maneə törətmək istəyər. Halbuki, Quranı oxuyan şüurlu bir insan, şeytanın bu cür təlqinlərinin heç bir həqiqəti olmadığını, tamamilə azdırmaq və aldatmaq məqsədi daşıdığını rahatlıqla görər. Çünki Allah, möminlərə Özündən qorxmalarını Quranda son dərəcə açıq bir şəkildə əmr etmişdir. Bu ayələrdən bir neçə nümunə belədir:

... Allahdan qorxun və bilin ki, Allah, şübhəsiz şiddətli cəza verəndir. (Bəqərə surəsi, 196)

... Allahdan qorxun və bilin ki, siz Onun hüzuruna toplanacaqsınız. (Bəqərə surəsi, 203)

... Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir. (Bəqərə surəsi, 231)

... Allahdan qorxun və bilin ki, Allah nə etdiklərinizi görəndir. (Bəqərə surəsi, 233)

Ey iman gətirənlər, Allahdan qorxun və (sizi) Ona (yaxınlaşdıracaq) vəsilə axtarın; Onun yolunda cəhd edin (səy göstərin), bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)

Mömin hər mövzuda olduğu kimi Allahın bu əmrini də qeyd-şərtsiz yerinə yetirməyə çalışır. Qurandan xəbərsiz cahil kəslər kimi, Allahdan qorxmağın lazım olub-olmadığı, Allah qorxusunun yoxsa Allah sevgisinin əhəmiyyətli olduğu, Allahı sevən bir kimsənin nə səbəbə Allahdan qorxması lazım olacağı kimi, şeytani şübhə və vəsvəsələrə qapılmaz. Allahdan qorxmağın, eynilə 5 vaxt namaz qılmaq, oruc tutmaq kimi "fərz qılınmış" bir ibadət olduğunu bilir və bu ibadəti ən gözəl şəkildə yerinə yetirməyə çalışır. Bununla birlikdə, Allah Quranda insanın nə səbəbə Özündən qorxması lazım olduğunun hikmətlərini də təfərrüatlı olaraq açıqlamışdır.
Peyğəmbərimiz (s.ə.v.) də bir hədisində Allah qorxusuyla əlaqədar olaraq belə buyurmuşdur:

Rəbbim mənə doqquz şey əmr etdi: Gizli halda da, aşkar halda da Allahdan qorxmağımı, qəzəbli və razılıq halında da ədalətli söz söyləməyimi, yoxsulluqda da, zənginlikdə də mövqeyimi saxlamağımı, məndən qopana da sıla - ı rəhm (dostluq) etməyimi, məni məhrum edənə də verməyimi, mənə zülm edəni bağışlamağımı, susmağımın təfəkkür olmasını, danışığımın zikr olmasını, baxışımın ibrət olmasını, marufu (doğru və gözəl olan) əmr etməyimi. (Kütüb-i Sitte, Muhtasarı Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16-ci cild, Akçağ nəşirləri, Ankara, s. 317)

Kitablar

Veb saytlar

Sənədli filmlər

Design Studio 313