Allahdan qorxmayanların gördükləri qarşılıq

Dünyada gördükləri qarşılıq

Allah Özündən qorxub çəkinməyən insanlara dünyada istər fiziki, istərsə də mənəvi çətinliklər yaşadar. Hər nə qədər onlar açıq şəkildə görünən bir müsibət gözləsə də, əslində fərqində olmadan maddi-mənəvi saysız müsibətlərlə dolu bir həyat sürərlər. Onları ən çox yanıldan səbəblərdən biri də hər şeyə baxmayaraq bəzi nemətlərə hələ sahib ola bilmələridir. Məsələn, belə bir adam zəngin ola bilər, ya da gözəl bir görünüşə sahib ola bilər. O, bütün bunlara aldanaraq hər şeyin yolunda getdiyini zənn edər və azğınlıqlarını davam edər. Halbuki, özü fərqində deyil, amma etdiyi hər şey Allah qatında anbaan yazılır. Cəhənnəmdə isə bütün bunlar qarşısına sonsuz bir əzab qaynağı olaraq çıxacaq. Allah insanları bu mövzuda belə xəbərdar etmişdir:

Artıq sən onları, müəyyən bir müddətə qədər öz qəflətləri içində burax. Onlar elə zənn edirlər ki, onlara verdiyimiz mal və övladla Biz onların yaxşılıqlarına tələsirik (və ya kömək edirik)? Xeyr, anlamırlar!. (Muminun surəsi, 54-56)

Amma, əlbəttə, bu insanların hamısının vəziyyəti bir deyil. Kimisinin də əzabı dünyada başlayar. Xəstəliklər, qəzalar, şikəst qalma, böyük maddi itkilər, sevdiklərini itirmək kimi davamlı bir itki yaşayarlar. Başlarına gələnlərin Allahdan bir sınaq olduğunu düşünmədikləri və təvəkküllü olmadıqları üçün, qarşılaşdıqları hər çətinlik onlar üçün əzab olar. Allah heç bir istiqamətdən işlərini asanlaşdırmaz, bir qapı açmaz. Daima bir bərəkətsizlik və tərslik kimi görünən vəziyyətlər olar. Kiçik-böyük nə ilə maraqlansa, hansı işə yönəlsə həmişə maddi və ya mənəvi zərərlə nəticələnir. Necə ki, Allah Quranda onların bu vəziyyətlərini dolanışıq çətinlikli bir həyat olaraq xarakterizə etmişdir:

"Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!." (Taha surəsi, 124)

Allahdan qorxmayan bir insanın, sahib olduğu qaranlıq ruh halı üzündə əks olunur. Üzündəki nursuz ifadə, danışığındakı pozuqluqla birləşdikdə son dərəcə narahat edici bir görünüşə bürünər. Şübhəsiz ki, bu, mənəvi bir pisliyin və çirkinliyin fiziki görünüşdə əks olunmasıdır. Allah ayədə bunu "zillət" olaraq təsvir etmişdir:

Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar.. (Yunis surəsi, 27)

Bu insanların uğradıqları gizli itkilərdən biri də ağıllarının və anlayış qabiliyyətlərinin əllərindən alınmasıdır. Ən sadə həqiqətləri belə qavraya bilməzlər. Məsələn, içində olduqları bədbəxtliyin, narahatlığın, qorxu və çətinlik dolu ruh halının səbəbini görə bilməzlər.
Şübhəsiz, Allahdan qorxmayan bir insanın başına gələ biləcək əzab növləri burada sayıla bilməyəcək qədər müxtəlifdir.
İnsanı Allah yaratmışdır və ona ən acı verəcək şeyləri də yenə O bilir. İnsanın heç təxmin edə bilməyəcəyi istiqamətlərdən çətinliklər yaradaraq onu cəzalandıra bilər. Allahın qəzəbi bir ayədə belə xəbər verilmişdir:

 …Allahın sizə olan nifrəti indi sizin özünüzə olan nifrətinizdən daha böyük idi”. (Ğafir surəsi, 10)

Heç şübhəsiz, şüuru açıq heç bir insan, sonsuz güc və qüvvət sahibi Allahın qəzəbini üzərinə çəkəcək bir əxlaqı qəbul etməz. Daha sonra da, insan o qədər zəif yaradılmış bir varlıqdır ki, çox vaxt çox kiçik və sıravi çətinliklərə belə dözə bilməz. Məsələn, çığırdacaq, yalvardacaq dərəcədə bir acı insan üçün dözülməzdir. Amma buna gələnə qədər, sırf bu qışqırığı uzaqdan eşitmək belə əslində insana tərifsiz bir çətinlik yaşadar. Çünki insanın həm ruhu, həm də fiziki quruluşu ağrıya, qorxuya, gərginliyə son dərəcə dözümsüz bir şəkildə yaradılmışdır. Bir az dar və sıxılmış bir məkanda olmağa, diksindirici bir qoxuya, bir az mədə bulanması, ya da diş ağrısına belə dözümü yoxdur. Üstəlik, bunlar bir əzab növü deyil, dünyada qarşılaşıla bilən son dərəcə sıradan əksikliklərdir.
Bu açıq həqiqətlərə baxmayaraq insanların çoxu qəflət və şüursuzluqlarından ötəri Allah qorxusundan uzaq bir həyat sürərlər. Halbuki, bu insanların ruhlarına və bədənlərinə dünyada daddırılan ağrılar cəhənnəmdə qarşılaşacaqları əzabların çox kiçik bir əks olunmasıdır və yalnız ibrət və xəbərdarlıq mahiyyətindədir. Amma bir ömrü, Allahın sonsuz gücünü, qüdrətini gözardı edərək keçirən bu insanlar, özlərinə ölüm gəldikdə Allahın əzəmətini bütün şiddətiylə hiss edəcək və dünyadakı heç bir qorxu ilə müqayisə edilə bilməyəcək, tərifi mümkün olmayan bir qorxuya qapılacaqlar.
Şəxsi əzablarla yanaşı Quran, Allahın Öz Qatından göndərdiyi əzablarla həlak olmuş insan birliklərinin nümunələri ilə doludur. Bu insanlar Allahın sərhədlərini tanımayaraq baş qaldırdıqları üçün onlar heç şüurunda deyillərkən qəflətən böyük fəlakətlərlə yox edilmişlər. Allah kiminə evlərini yerindən sökən qasırğalar göndərmiş, kiminə yaşadıqları şəhərləri yerlə bir edən leysanlar isabət etdirmişdir. Zəlzələlərlə nə qədər insan birliklərini, mülkləriylə birlikdə yerin dibinə keçirmişdir. Kimini suda boğmuş, kimini də püskürən lavaların altında buraxaraq daş halına gətirmişdir.

 

Axirətdəki vəziyyətləri

İnsanların dünyada keçirə biləcəkləri orta hesabla 60-70 il kimi çox az bir zamanları vardır. Məktəb illəri, iş həyatına atılmaq, pul qazanıb yaxşı bir ev, avtomobil sahibi olmaq, münasib bir insanla evlənmək, oğul-uşaq sahibi olmaq deyərkən göz açıb bağlayana qədər keçən əlli illik bir ömrün ardından qırışlarla dolu bir dəri, fiziki funksiyalarını itirməyə başlamış bir insan qalar. Az-çox, bir beş-on ilinin də qaldığını görən insanlar artıq özlərini ölümə daha yaxın hiss etməyə başlayırlar. Lakin işin maraqlı tərəfi buna baxmayaraq bəziləri şüursuz və anlayışsız olmağa davam edər, qalan bu bir neçə illərini də ölümü çox düşünməməyə çalışaraq keçirməyə cəhd edərlər. Allah bu vəziyyətlərinə qarşılıq insanları belə xəbərdar edir:

Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər. Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.(Məryəm surəsi, 38-39)

Ancaq məsuliyyətsizcə keçirilən bu həyatın ardından asan şəkildə canlarını təslim edəcəklərini və dinclik içində öləcəklərini zənn edən bu insanların ölümləri, heç də onların gözlədikləri sakitçilikdə reallaşmaz. Hiss etmədən, asanlıqla həyatı tərk edib əbədi yuxuya gedəcəklərini zənn edərkən, heç gözləmədikləri bir anda özlərinə vəkil qılınan ölüm mələklərini qarşılarında görərlər. Ölüm mələkləri isə insanların yalvarmasına görə deyil, Allahın əmrinə görə hərəkət edərlər. Birdən-birə kürəklərində şiddətli bir zərbə duyduqları və tərifsiz bir acı hiss edərək mələklərin canlarını almağa gəldiklərini gördükləri zaman hər şeyi anlayarlar:

Mələkləri, onların üzlərinə və arxalarına vuraraq, "yandırıcı əzabı dadın" deyə o inkar edənlərin canlarını alarkən görməlisən. (Ənfal surəsi, 50)

İnkarçıların işlədiyi cinayət çox böyük bir günahdır və cəzası sonsuza qədər sürəcəkdir. Bu adamların qaçmaları, ölməkləri qısacası, heç bir şəkildə xilas olmaları mümkün deyil. Çünki hər şeyi yoxdan var edən və hər şeyin həqiqi sahibi olan, sonsuz bir güc və elm sahibi, aləmlərin Rəbbi olan Allaha üsyan etmişlər.
Bu insanlar, dünyadaykən Allahdan qorxmazlar, amma Allah buna qarşılıq axirətdə onlara bənzərini heç yaşamadıqları, dadmadıqları qədər böyük qorxular yaşadar. Onlara xüsusi olaraq hazırlanmış qorxunc bir əzab mühitinə salar. Sonsuza qədər qorxu, dəhşət və gərginlik içində qəhr edər:

Zalımların qazandıqları günahlar özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən... (Şura surəsi, 22)

Qorxu və dəhşət hissi, sürətlə tükənən bir ömrü Allahdan qorxub çəkinməkdən etinasız keçirən bu insanların artıq sonsuza qədər yaxalarını buraxmayacaq. Çünki Allah o zamana qədər "... onları yalnız gözlərin bərələ qalacağı günə təxirə salmaqdadır." (İbrahim surəsi, 42) Qiyamət və hesab günü yaşadıqları qorxu, çaşqınlıqla da qarışıq bir qorxudur və bu ruh halı Quranda belə təsvir edilir:

Sur üfürüləcəyi gün, Allahın dilədiyi kəslər xaricində, göylərdə və yerdə olan hər kəs artıq qorxuya qapılmışdır və hər biri “boyun bükmüş” olaraq Ona gəlmişlər. (Nəml surəsi, 87)

Qiyamət günü insanlar çaxnaşma halında çırpınırlarkən hamilə qadınlar da qorxudan uşaqlarını salarlar. Məruz qalacaqları əzabın qorxusunun şiddəti insanların ağıllarını başlarından alar. Ayələrdə insanların o günkü vəziyyəti belə xəbər verilir:

Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir. (Həcc surəsi, 1-2)

Amma qorxu, çaxnaşma və dəhşətə qapılmaqları onlara heç bir fayda verməz. Onlara yardım edilməz. Üstəlik bu daha başlanğıcdır. Xəyal belə edə bilməyəcəyi qədər böyük iztirablar çəkəcək, qorxular yaşayacaqlar. Sonsuz güc və ədalət sahibi Allah, Muntəkim (intiqam alan) sifətinin bir təcəllisi olaraq intiqam alacaqdır. Ağlamağın, yalvarmağın, fəryad etməyin, çırpınmaq və peşman olmağın, əfv diləməyin, heç bir şeyin faydası yoxdur. Kimsə inkarçılara kömək edə bilməz. Nə edirlərsə etsinlər faydası yoxdur; günahlarını etiraf etmələri, səbir və ya səbir etməmələri də bir şeyi dəyişdirməz. Allah bu ümidsiz çırpınışlara ayədə diqqət çəkmişdir:

"Girin ona; artıq İstər dözün, istər yox; Sizin üçün birdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!" (Tur surəsi, 16)

Bu vəziyyətə gələn kəslər elə bir çıxılmaz vəziyyətdə düşmüşlər ki, sonsuza qədər bir çıxış yolu tapa bilməyəcəklər. Halbuki, dünyada həyatları boyunca özlərinə saysız xatırlatmalar, xəbərdar edib qorxudan xəbərlər gəlmişdir. Yenə önlərinə saysız imkan və nemətlər təqdim edilmiş, onlardan yalnız vicdanlarından istifadə etmələri və Allahdan qorxub çəkinərək hərəkət etmələri istənmişdir. Amma cəhənnəmdə Allaha yalvaracaq bu kəslər dünyadaykən təkəbbürlü olduqları üçün Allaha yalvarıb-yaxarmazlar. Qorxmadan təkəbbürlənər, ölümü və axirəti heç hesaba almazlar.
Dünyada ikən Allaha qarşı təkəbbürlənməkdən qorxub çəkinməyənlər, qiyamət günü üzüstə süründürülərək əzab yerlərinə aparılacaqlar. Artıq sonsuza qədər həm fiziki, həm mənəvi olaraq ağıllarının qəbul edə bilməyəcəyi qədər şiddətli ağrılar yaşayacaqlar.
İnkar edənlər yenidən dirilişlə birlikdə dərhal qürurları qırılmış, pərişan vəziyyətə düşmüşlər. Amma bu yalnız başlanğıcdır. Dəstələr halında cəhənnəmə girdiklərində cəhənnəmin qapıları üzlərinə bağlanılar və ola biləcək ən dəhşət verici görünüşlərlə qarşılaşarlar. Və sonra da atəşə atılarlar. Şübhəsiz, dünyadakı heç bir ağrı, cəhənnəm əzabının şiddəti ilə müqayisə edilə bilməz. Çünki Allahın verdiyi dözülməz əzabın bir bənzəri yoxdur. Bir ayədə belə buyurulur:

O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz. (Fəcr surəsi, 25-26)

Fiziki ağrılarla yanaşı mənəvi əzablar da bir tərəfdən inkarçıları qəhr edər. Cəhənnəmdən Allahın diləməsi xaricində çıxa bilməyəcəklərini anlamağın verdiyi ümidsizlik hissi bütün ruhlarını bürüyər. Bu vaxt davamlı xor görülər, alçaldılar, rəzil olar, kiçik düşərlər. Amma çarəsiz olarlar. Qorxu, dəhşət və ümidsizlik dolu bir sonsuzluq onları gözləyir.

Kitablar

Veb saytlar

Sənədli filmlər

Design Studio 313