Allahdan qorxanların görəcəkləri gözəl qarşılıq

Dünyadaykən müjdələnmələri

Dünyada Allah qorxusundan uzaq bir həyat sürən insanların, axirətdə sonsuza qədər bənzərsiz qorxular yaşayacaqlarını və hər an Allahın əzəmətini bütün şiddətiylə hiss edə biləcəklərini sonrakı hissələrdə ayələrlə görəcəyik. Allahdan qorxub çəkinənlər də bunun tam tərsinə, axirətdə hər cür qorxudan təhlükəsizliyə qovuşacaqlar və Allahın mühafizəsində və inayətində bir həyat yaşayacaqlar. Bütün həyatları boyunca qiyamət saatından, hesab günündən və cəhənnəmdən içləri titrəyərək qorxan möminlər, o gün gəldiyində hər cür qorxudan uzaq tutulacaqlar və təhlükəsizlikdə olacaqlar. Allah bunun müjdəsini daha dünyadaykən ayələriylə verərkən, o gün gəldiyində də qullarına xitab edəcək və daha neçə-neçə müjdələr verəcək:

"Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun! Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur. Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz. (Zuxruf surəsi, 68-73)

Bir başqa ayəsində isə Allah bu müjdəni mələkləri vasitəsilə ilə verir. Şübhəsiz ki, bu, cənnəti şiddətlə arzulayan möminlər üçün tərifsiz bir sevincdir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Bağışlayan və Rəhmli Allah tərəfindən verilən ziyafət kimi”. (Fussilət surəsi, 30-32)
Ayədə də vurğulandığı kimi, sonsuz gözəlliklərə uzanan bu müjdə mömin daha dünyadaykən ona çatmağa başlayır.

 

Gözəl bir həyat

Allah, iman etməyən və Özündən qorxub çəkinməyənlərin əzaba layiq olduqları kimi, dünya həyatındakı bolluq və bərəkətdən də məhrum qaldıqlarını belə xəbər verir:

Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar peyğəmbərləri yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə əzabla yaxaladıq. (Əraf surəsi, 96)

İman edən və Allahdan qorxub çəkinənlər isə, axirətdə cənnətlə müjdələnildikləri kimi, bu dünyada da Allahın lütf və ehtiramından, nemətlərindən ən gözəl şəkildə təmin edilirlər. Allah ayəsində bunu gözəl bir həyat olaraq xarakterizə etmişdir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.  (Nəhl surəsi, 97)

Necə inkarçıların əbədi əzabları hələ bu dünyadan başlayırsa, çəkinən möminlər üçün vəd edilən əbədi gözəlliklər də özlərinə dünyada göstərilməyə başlanır. Zənginlik və gözəllik cənnətin ən fundamental xüsusiyyətlərindən olduğundan Allah sevdiyi təqvalı qullarına cənnətini tanıdar, onların cənnətə olan həsrətlərini və arzularını artıracaq nemətlərin və mühitlərin bənzərlərini bu dünyada da yaradar.
Digər tərəfdən, özünü yaradan Allahın əmr və haramlarına əməl etməsindən, din əxlaqını yaşamasından və ən əhəmiyyətlisi daim Ona ​​güvənməsindən və axirəti üçün ümid bəsləməsindən ötəri mömin, dünyadakı həyatı boyunca hər cür kədər və sıxıntıdan uzaq tutular. Bunun yerinə Allah ürəyinə "dinclik və təhlükəsizlik duyğusu" endirmişdir. Kiçik-böyük etdiyi hər işdə, hər ibadətdə və sərgilədiyi gözəl əxlaqda Allahın özünü gördüyünü, mələklərin bunları əməl dəftərlərinə yazdığını, axirətdə bütün bunların qarşılığını alacağını bilmənin gətirmiş olduğu bir dinclikdir bu.
Ancaq unudulmaması lazım olan bir nöqtə də vardır ki, dünya bir imtahan yeridir. Əlbəttə, mömin də müxtəlif çətinlik və sıxıntılarla qarşılaşa bilər. Ancaq Allahdan qorxan bir mömin hər vəziyyətdə Qurana uyğun ən gözəl rəftarı göstərəcəyindən bu çətinlik və sıxıntıları onun üçün rəhmətə və əcrə çevriləcək. Özünü yalanlayan qövmü tərəfindən alova atılmaq istənildiyi halda, imanından, təslimiyyətindən, təvəkkülündən ən kiçik bir güzəştə getməyən hz. İbrahim (ə.s)-ın vəziyyəti buna çox gözəl nümunədir. Görünüşə görə insan üçün çox böyük bir əzab olan atəş, hz. İbrahim (ə.s)-a "sərin və zərərsiz" qılınmış, ona heç bir zərər və çətinlik verməmişdir. Çətinlik, əzab və bəlanın ancaq insanın öz səhv mövqe və davranışlarının bir qarşılığı olaraq, bir cəza və ya xəbərdarlıq olaraq verildiyi, " Sizə üz verən hər bir müsibət, (ancaq) öz əllərinizlə qazandığınıza görədir..." (Şura surəsi, 30) ayəsiylə bildirilmişdir. Yoxsa, Uca Rəbbimiz Allahdan gücü çatdığı qədər qorxan, hər əxlaq və davranışında Allahın razılığını güdən, doğru davranan səmimi bir mömin üçün əzabdan bəhs edilə bilməz.
Dünyada imtahan olaraq qarşısına çıxan çətinliklərin hamısı möminlərin Allaha duyduqları hörməti və qorxunu, cənnətə olan istəklərini daha da artırır. Çünki mömin, bu çətinliklərin həm sınanması və yetkinləşməsi üçün yaradıldığının, həm də gözəl bir əxlaq sərgilədiyi, səbir etdiyi və Allaha güvəndiyi təqdirdə axirətini gözəlləşdirmək üçün əcr fürsəti olduğunun şüurundadır. Necə ki, bütün hadisələrə xeyir gözüylə baxmağın Allahdan çəkinən möminlərin bir xüsusiyyəti olduğunu ayələrdə görərik. Allah bir ayəsində belə buyurur:

Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)

Dünyada xeyir içində yaşadılan möminin ölümü də gözəl və rahat olacaq, axirət həyatı mələklərin qarşılamasıyla başlayacaq. Bunun davamında isə yenə mömini rahatlıq və asanlıq gözləyir.

Asan bir hesab

Möminlər, axirətdə pis hesabla qarşılaşmaqdan qorxduqları üçün həyatları boyunca xeyir işlərdə yarışar, Allahın sərhədlərini dəqiqliklə güdərlər. Möminlərin bu qorxuları ayələrdə belə təsvir edilir:
Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar. Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik! (İnsan surəsi, 7-9)

Allahdan və Ona verəcəkləri hesabdan qorxanların Allah axirətdə üzlərini ağardar, onların kitabları sağ yanlarından verilər və qorxduqları hesab özlərinə asanlaşdırılar:

Artıq kimin kitabı sağ yanından verilsə, o, asan bir haqq-hesab (sorğu) ilə sorğuya çəkiləcək, və öz yaxınlarına sevinc içində dönmüş olacaq. (İnşiqaq surəsi, 7-9)

Hesaba çəkilmələri bitdiyində artıq möminlər cəhənnəm əzabından xilas olmağın xoşbəxtliyi içindədirlər. Ayədə ifadə edildiyi kimi yaxınlarının yanına sevinc içində dönərlər.

 

Sonsuz cənnət həyatı

Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Bu, Allahdan bir ziyafətdir. Allahın yanında olan nemətlər möminlər üçün daha xeyirlidir. (Ali İmran surəsi, 198)

Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur. (Rad surəsi, 35)

Dünyada həyatları boyunca cənnəti itirməkdən, sonsuz cəhənnəm əzabına uğramaqdan qorxaraq, Allaha qarşı gəlməkdən çəkinmişlər olan möminlər, Allahın qorxub pis əməllərdən çəkinənlərə vəd etdiyi mükafata qovuşmuşlar. Artıq, əbədi yurdlarına girmək üzrə sövq edilərlər:

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Nə xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!”  (Zumər surəsi, 73-74)
Cənnətə girəcək möminləri burada gözləyən bir sürpriz daha vardır ki, bu an onlara hər şeyin üzərində bir xoşbəxtlik və həyəcan yaşadar: Rəbbimizdən özlərinə şifahi bir salam...

Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək (Yasin surəsi, 58)

Allah cənnətdəki möminlərə belə xitab edər:

"Ey qullarım, bu gün sizin üçün qorxu yoxdur və siz qəm-qüssə görməyəcəksiniz." (Zuxruf surəsi, 68)

İnsanı yaratmış olan Allah, onun nələr istəyəcəyini ondan daha yaxşı bilir və bunları bir mükafat olaraq cənnətdə mömin qulları üçün yaradacaq. Necə ki, nemətlərlə təchiz edilmiş olan cənnət insanın düşüncə sərhədlərindən kənar xüsusiyyətlərə malikdir. Daha əvvəl heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi saysız nemətlər möminlərə təqdim olunacaq. Hər şey və hər vəziyyət sonsuza qədər möminin tam istədiyi kimi olacaq:

... Rəbbi yanında hər dilədikləri onlarındır. Məhz böyük fəzl (nemət və üstünlük) budur. (Şura surəsi, 22)

Möminlərin cənnətdə yaşadıqları yerlər, təbii gözəlliklər, yeməklər, geyimlər, olduqları mühit, həyat yoldaşları, özlərini gözləyən hər cür sürprizlər kimi cənnətdəki sonsuz həyata dair bütün təfərrüatlar Quran ayələrində təsvir edilmişdir.
Bir ayədə də Allahdan qorxanların içində yaşadıqları əbədi həyat ilə Allahdan qorxmayanların qarşılaşdıqları qorxunc son belə müqayisə edilmişdir:

Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi? (Məhəmməd surəsi, 15)

Heç şübhəsiz ki, vicdanlı bir adamın yalnız bu ayəni bir az təfəkkür edib zehnində canlandırması, Allahdan gücünün çatdığı qədər qorxması üçün kafi olacaq.

 

Ən böyük mükafat: Allahın əbədi rizası

Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. (Tövbə surəsi, 72)

Cənnətə girən möminlərin duyduqları ən böyük mənəvi həzz, Allahın bundan sonra özlərindən razı olduğunu, özlərini sevdiyini, onlara heç bir zaman qəzəblənməyəcəyini, əbədi olaraq Allahın dostu olacaqlarını bilmələridir. Allahın razılığını qazanmış olmaq insana heç bir maddi gözəlliklə qarşılaşdırılmayacaq qədər böyük bir sevinc və xoşbəxtlik verər. Necə ki, cənnət nemətlərini qiymətli edən də Allahın razılığıdır. Təqdim edilən nemətlər son dərəcə qiymətlidir, amma bunlardan daha qiymətli olan aləmlərin Rəbbi olan Allahın lütflərinə layiq görülməyin vermiş olduğu zövqdür. Ayələrdə belə buyurulur:

O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)

Kitablar

Veb saytlar

Sənədli filmlər

Design Studio 313